ÜST-dən xəbərdarlıq gəldi:
“Yeni ocaqlar yarana bilər, vaksin hələ...”
“Biz bu epidemiyanın necə inkişaf edəcəyini bilmirik. Bu, bizim hamımız üçün yeni situasiyadır. Biz proqnoz verə bilmərik."
“Biz bu epidemiyanın necə inkişaf edəcəyini bilmirik. Bu, bizim hamımız üçün yeni situasiyadır. Biz proqnoz verə bilmərik. Vəziyyətə diqqətlə nəzər salsaq, biz dünyanın müxtəlif ölkələrində, keçmişdə yoluxmanın çox olmadığı yerlərdə pik hallar, ocaqlar gözləyə bilərik”.
SəhərAzəri Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişinə onlayn formatda müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.
onun sözlərinə görə, müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca, risk yaranır: “Aparılan seroloji analizlərin ilkin nəticələri onu göstərir ki, çox az sayda adamda anticismlər var. Əksəriyyətin, insanların 90 faizdən çoxunun bu yeni virusa yoluxma riski var. Bu səbəbdən də, biz müəyyən tədbirləri saxlamalıyıq”.
T.Yaşareviç vaksinin tapılması üçün bütün dünyada çox sayda tədqiqatçı tərəfindən gərgin iş aparıldığını diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyata alınmış 100-dən çox potensial vaksin var və onların çoxu artıq sınaqların birinci mərhələsindədir. Bu o deməkdir ki, onlar artıq insanlar üzərində sınaqdan keçirilib. Kliniki sınaqlara keçmək müəyyən vaxt aparacaq. Çünki baxmayaraq ki, biz vaksinlər üzərində işi sürətləndirə bilərik, biz hələ də ciddi elmi yanaşmaya əməl etməliyik və kliniki sınaqlar vasitəsilə vaksinin ilk növbədə təhlükəsiz, eyni zamada effektiv olduğuna əmin olmalıyıq.
Bunun üçün bir neçə ay lazımdır. Sonra biz bu vaksinin istehsalı, eləcə də onun paylaşdırılması məsələsini nəzərdən keçirməliyik. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik. Eyni zamanda biz mümkün müalicələri nəzərdən keçiririk”.
ÜST sözçüsü vurğulayıb ki, dövlətlərin səhiyyə sistemləri bir daha nəzərdən keçirilməlidir: “Buradan çıxarılacaq dərslərdən biri ondan ibarətdir ki, hər kəs həm dövlətlər səviyyəsində, həm də beynəlxalq səviyyədə səhiyyə sistemlərini nəzərdən keçirməlidir və daha çox investisiya yatırmağa ehtiyac olduğunu dərk etməlidir”.