"Qarabağ" "Nant"ı məğlub edib
UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirən Qarabağ klubu ilk qələbəsini qazanıb.
Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Baş məşqçi Qurban Qurbanovun yetirmələri G qrupunun II turunda Bakıda Fransanın "Nant" klubununa 3:0 hesabı ilə qalib gəlib.
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.
Oyunun 60-cı dəqiqəsində 25 yaşlı qanalı hücumçu Kvabena Ovusu hesabı açmağa müvəffəq olub. Bundan 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb.
Oyunun 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları bir daha oyuna mərkəzdən başlamağa məcbur edib.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.
Bu arada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu qələbəyə reaksiyası diqqət çəkib. İlham Əliyev tviterdə paylaşım edib.
Paylaşımda deyilir: “Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”
İlham Əliyevin bu tvitti sosial şəbəkə istifadəçiləri tərəfindən Fransanın Qarabağ məsələsi ilə bağlı anti-Azərbaycan mövqeyinə qarşı ehyamlı reaksiya kimi qiymətləndirilib.