İyul 23, 2023 22:03 Asia/Baku
  • İranlı kişi kumite komandası Asiya çempionu, qadın kumite komandası isə Asiya ikincisi olub

İranın kişilərdən ibarət kumite komandası Qazaxıstan üzərində inamlı qələbə ilə 9-cu dəfə Asiya çempionu olub.

Malayziyada keçirilən karate üzrə 19-cu Asiya çempionatının final günündə İranın kişi və qadın komandaları rəqibləri ilə qarşılaşıb və İranın kişilərdən ibarət kumite komandası qızıl, qadınlardan ibarət kumite komandası isə gümüş medal qazanıb.

Kişilər bölməsində gənc karateçilərlə meydana daxil olan İran komandası Səudiyyə Ərəbistanı, İraq və İordaniyaya qalib gələrək, finala yüksəlib.

Finalda İran komandası iddialı Qazaxıstan komandasına qarşı parlaq çıxış edərək, üç-sıfır hesabı ilə qızıl medala sahib olub.

Bu 9-cu dəfədir ki, İranın kişilərdən ibarət kumite komandası Asiya Çempionatında qızıl medal qazanır. Bu, qızıl medallardan 5-i Şəhram Herəvinin baş məşqçiliyi dövründə əldə edilib.

Qadınlar bölməsində İran komandası Tailand, Özbəkistan, Yaponiya və Çin Taybeyi komandalarını məğlub edərək, finala çıxıb və finalda Vyetnam komandasına məğlub olaraq, Asiya çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, bazar günü səhər İranın kişilərdən ibarət Kata komandası eyni yarışda üçüncü yeri tutaraq, bürünc medal qazanıb.

Həmçinin, şənbə günü İranın para-karate komandası eyni yarışda çempion olub.

Teqlər