Sionist hərbçilərin hücumunda 99 fələstinli yaralanıb
Fələstin Qızıl Aypara Cəmiyyəti cümə günü gecə 99 fələstinlinin sionist hərbçilərlə toqquşmalarda yaralandığını təsdiq edərək, toqquşmaların İordan çayının qərb sahilində yerləşən Nablusun cənubunda baş verdiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Qızıl Aypara Cəmiyyəti qarşıdurmaların dəqiq yerinin Nablusun cənubundakı "Beyta" qəsəbəsi və Qalkiliyadakı "Kəfər Qəddum" olduğunu bildirib.
Qarşıdurma zamanı 15 nəfər güllələnərək yaralanıb, qalanları isə gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşüb.
Fələstinli gənclərlə sionistlər arasında toqquşmalar Nablusun şərqində 21 yaşlı fələstinli gəncin şəhadətindən bir gün sonra baş verir.
"Bəkr Həşaş" adlı fələstinli gənc cümə axşamı günü Nablusun şərqindəki "Bəlatə" düşərgəsinin yaxınlığında silahlı qarşıdurma zamanı şəhid edilib.
Fələstinli Şəhid Ailələrinin Milli Assambleyası da bundan əvvəl sionist hərbçilərin 2021-ci ildə ümumilikdə 357 fələstinlini şəhid etdiyini açıqlayıb.