İmam Hseyn(ə) həyatına qısa baxış
“Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır”. (Bəqərə surəsi, ayə 251)
Bu gün Peyğəmbərimizin sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı Hüseynin (ə) mövlud günüdür.
Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (ə hicrətin dördüncü ili Şə’ban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (ə) və Peyğəmbər qızı xanım Zəhranın (s.ə) ikinci övladı idi.
Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.
Hüseyn ibn Əli (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə fəal iştirak etmişdir.
Hüsyen ibn Əli (ə) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur.O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə iştirak etmişdir.
Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn İmam Həsənlə bərabər olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (ə) İmam Hüseyn (ə) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi. Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
Müaviyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı tə’sirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mə’nəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi.Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.
Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı, həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq, müxtəlif üsullardan (məsələn, yalançı hədis düzəltməklə, şair və tarixçiləri özlərinə cəlb etməklə, Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün İmam Hüseyn əleyhissəlamın inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini- qadın və uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid müsəlmanların nifrətini qazandı.
İslam Peyğəmbəri Allaha iman əsasında qurulmuş yeni bir din gətirməklə şəhadət sünnəsini yaratmışdı. Tarixin şahidliyinə əsasən, müsəlmanların şanlı qələbələrinin bir çoxunun səbəbi onların Allah yolunda haqqın qalib gəlməsi üçün şəhadət yolunu seçmələri olmuşdur. Ancaq Peyğəmbərin vəfatından sonra İslam hökumətinin öz həqiqi yolundan çıxması, şəhərlərin fəth olunmasının artması, əldə olunan qənimətlərin xilafət mərkəzinə keçməsi və bir çox başqa səbəblər nəticəsində yavaş-yavaş müsəlmanlar öz döyüş ruhiyyələrini itirib başlarını rifah və asayişə qatdılar. Belə ki, hər kəs hər hansı yolla olursa-olsun, hökuməti ələ keçirir, camaat da rahat yaşayışın əldən çıxacağından qorxub heç bir müqavimət göstərmədən ona tabe olurdu. İslam adı ilə camaata hakimlik edən zalım hakimlər də bundan istifadə edirdilər.Bəni-Üməyyənin hökuməti möhkəmləndikcə, bu vəziyyət daha da artırdı. Müaviyənin ömrünün axır vaxtlarında və Yezidin hakimiyyətinin əvvəllərində isə olduqca acınacaqlı vəziyyət yaranmışdı.
O dövrdə qəbilə başçıları əsasən mal-dövlət və gücə tabe idilər. Öz vicdan və şəxsiyyətlərini dünyanın dəyərsiz mal-dövlətinə satırdılar. O dövrün dini–siyasi rəhbərləri Übeydullah ibn Ziyadın ailəsindən tamamilə xəbərdar olduqları halda yenə də onun qarşısında baş əyirdilər. Bu cür adamlar nə təkcə Yezid və İbn Ziyadın, hətta onların köməkçilərinin də qarşısında yumşaq və sözəbaxan idilər. Çünki mal-dövlət, ad-san hamı onların ixtiyarında idi və bu cür adamlar onlara yaxınlaşmaqla mal-dövlət əldə edib ad-san qazana bilərdilər.
Alçaqlıqda birinci dəstədən heç də geri qalmayan ikinci dəstə isə avam insanları aldadan dırnaqarası "mö’minlər” və "zahidlər” idilər. Onlar riyakarlıqla özlərini təqvalı göstərir və bu yolla imtiyazlar əldə edirdilər. Öz dövrlərinin zalım hakimlərinin rəğbətini qazandıqda onların ətrafındakılarla bir sırada dururdular. Bu insanların çirkin əməlləri, gördüyü işlər camaatın nəzərində adi və təbii görünür və heç bir e’tiraza səbəb olmurdu. O dövrün adi camaatının yaşayışı da belə idi ki, onların yeganə məqsəi öz şəxsi ehtiyaclarını tə’min etmək idi. Hamı öz şəxsi həyatı üçün iş görür, hərə öz şəxsi məqsədinə çatmaq üçün çalışırdı və heç kəsin şəxsi məqsəddən başqa heç bir fikri yox idi. . Elə buna görə də, zülm və haqsızlığa heç bir e’tiraz olunmurdu.
İmam Hüseyn (əleyhissəlam) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının tə’sir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki, İslam cəmiyyəti Aşura hadisəsi baş verənə qədər ("Hicr hərəkəti” kimi səthi e’tirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq kiçik də olsa, belə bir ictimai e’tiraz baş verməmişdi.
Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki, onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din, şəxsiyyət və şərafət hörmətini qorumaq, camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi.
İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu.