İyun 16, 2017 18:51 Asia/Baku
  • Ramazan ayının fərdi və ictimai faydaları
    Ramazan ayının fərdi və ictimai faydaları

Ramazan; Mənəvi dəyərləri özündə cəmləşdirən əvəzolunmaz fürsətlər ayı.

Qeyd edək ki, on bir ayın sultanı olan Ramazan ayı  mənəviyyatın əvəzolunmaz dəyərlərini  özündə cəmləşdirib. Səbir, iradə möhkəmliyi, yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa bu kimi gözəl xüsusiyyətlər  Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdəndir.

Orucluq insanın səbrini və iradəsini sınağa çəkir. Allah bəndəsi halal olan şeylərdən müəyyən   müddət ərzində imtina etməklə özündə səbir və iradə yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır". Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar, ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər burulğanındadır.

Dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan əziyyət çəkməsidir. Orucluğun ən böyük ictimai faydası onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz (s) hədislərin birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi işləri həyata yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən layiqincə gələ bilmir. Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir müsəlmana sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır. Bu isə orucluğun insanlara tibbi faydasıdır.

Həqiqətən də Ramazanın, bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan belə görsənir ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib etməklə sanki mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır.

Bir ay ərzində insan bacardıqca öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti olsun". Şübhəsiz davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki, namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara vacib edib. Allah nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır.

Allah-taala digər səmavi kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik dünyasıdır. İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz qılmaq, Ramazan ayında oruc tutmaq,Həcc ziyarətinə getmək,xüms vermək və sair dini ayinləri həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir.

İmam Baqir (ə) buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»

Teqlər