Efkan Ala: Saxlanılanların sayı 26 000 nəfərə çatıb
Türkiyənin daxili işlər naziri dövlət çevrilişinə uğursuz cəhd ilə əlaqədar saxlanılanların sayının 25917 nəfərə çatdığını deyərək, 13419 nəfərin artıq həbs edildiyini bildirib.
İRNA-nın məlumatına görə, Efkan Ala hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi şurasında iştirak etdikdən sonra jurnalistlərə müsahibə verib.
Türkiyənin daxili işlər naziri 15 iyul tarixində dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərin sayının 238 nəfərə çatdığını deyərək, bu hadisədə 2197 nəfərin də yaralandığını bildirib.
Efkan Ala daha sonra deyib: 74562 nəfərin də pasportu ləğv edilib.
E.Ala işindən kənarlaşdırılmış şəxslərin dəqiq sayına işarə etməsə də, qeyri rəsmi məlumatlara görə, indiyə kimi 69779 nəfər dövlət çevrilişinə uğursuz cəhdin ardınca işdən kənarlaşdırılıb. İşdən kənarlaşdırma üzrə ən çox pay isə Təhsil Nazirliyinin payına düşüb. Belə ki, işini itirənlər arasında 20000 müəllim var.
Fövqəladə vəziyyətin davam etdiyi 3 ay ərzində işiindən kənarlaşdırılanların sayının 110 000 nəfərə çatacağı ehtimal edilir.
Türkiyədə dövlət çevrilişinə cəhdin ardınca başladılan təmizləmə əməliyyatı müxtəlif reaksiyalar ilə yanaşıdır. Müxalifətdə olan partiyalar və sivil qrumlar dövlətdən istəyiblər ki, təmizləmə zamanı qurunun oduna yaşın da yanmasına icazə verməsin. Daim haqq və ədalətə riayət edilsin.