Misirin müxtəlif şəhərlərində etiraz aksiyaları
Misirdə Çörəyin məhdud satışına qarşı ölkənin müxtəlif vilayətlərində geniş etiraz aksiyaları keçirilib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Misir vətəndaşları hər bir vətəndaşa çörək payının müəyyənləşdirilməsi barədə hökumətin qərarına etiraz əlaməti olaraq keçirdiyi aksiyalarda prezident Əbdül-Fəttah Əssisi hökumətinə qarşı şüarlar səsləndiriblər.
Məlumata görə nümayişçilər, üzərində" mən ixvanlı deyiləm mən acam" şüarı yazılmış plakatlar daşıyıblar.
Midir dövləti İxvanül-Müslimin qrupunu terrorçu qrup hesab edir və indiyədək yüzlərlə adama qarşı bu qrupda üzv olduğuna görə cinayət işi açıb.
Nümayişçilər İskəndəriyyə, Dəmənhur və Kəfər Əşşeyx vilayətlərində qatarların hərəkətinə mane olublar.
Qahirədə də əhali Əl-Vəraq məhəlləsində aksiya keçirərək Ənnil küçəsini bağlayıb.
Nəsr şəhərində isə qəzəbli bir vətəndaş özünü yandırıb.
Misirin sosial təminat naziri nümayişçiləri sakitləşdirmək üçün mətbuat konfransı təşkil edərək hökumətin vətəndaşlara hörmət etdiyini və onların ehtiyaclarının təmininə səy göstərdiyini bildirib.
Sosial şəbəkələrin istifadəçiləri Misir hadisələrinin əhalinin bərbad vəziyyətə və qiymətlərin durmadan artmasına görə səbr kasasının dolmasının əlaməti hesab ediblər, etirazların daha geniş miqyas alması və "aclar inqilabı"-nın başlanmasına dair xəbərdarlıq ediblər.