Məsud Barzani: Referendum kürdlərin təbii haqqıdır
İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı bu məntəqənin İraqdan ayrılması ilə bağlı referendumun keçirilməsinə qarşı etirazlara əhəmiyyət verməyərək, referendumun keçirilməsinə təkid edib.
Livanın Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzani çərşənbə günü deyib: Referendum kürdlərin təbii haqqıdır və heç bir tərəfin də təhdid dili ilə danışmasını qəbul etmir.
Məsud Barzani daha sonra İraq hökumətinin ölkənin ərazi bütovlüyü və milli hakimiyyəti ilə bağlı konstitusiyada yer alan müddəalara əməl etmədiyini iddia edib.
Barzani İraq ordusunda balansın qorunmadığını iddia edərək, orduda quruculuğun bünövrəsi hesab olunan kürd peşmərgə qüvvələrinin ordudan kənarda saxlanıldığını deyib: İraq ordusu kürd peşmərgə qüvvələrini mühasirəyə alır. Halbuki, kürd peşmərgə qüvvələri İraqın müdafiə sisteminin mühüm hissəsini təşkil edir.
İraqın "Dəvətül-İslami" partiyası isə çərşənbə günü bir bəyanat yayaraq, Kürdüstan məntəqəsinin İraqdan ayrılmasına yönəlik referendumun keçirilməsinə edilən təkidlərin İraqın milli təhlükəsizliyi əleyhinə təhlükəli planların var olmasına dəlalət edən fakt adlandırıb.
İraq Kürdüstanı məntəqəsindəki siyasi partiyalar ötən iyun ayının 7-də Məsud Barzaninin iştirakı ilə təşkil etdikləri iclasda Kürdüstan məntəqəsinin İraqdan ayrılması ilə bağlı 25 sentyabr 2017-ci ildə referendumun keçirilməsi planı ilə razılaşıblar.