Livanlılar azad olunan əsirləri möhtəşəm qarşıladı
-
Livanlılar azad olunan əsirləri möhtəşəm qarşıladı
Livanın minlərlə vətəndaşı Şərqi Bəqa vilayətində əl-Qa sərhəd qəsəbəsində Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının əsirliyindən azad olunan beş Hizbullah əsirini qarşılayıb.
İRNA-nın məlumatına görə, bu beş əsir cümə axşamı günü Ən-Nüsrə Cəbhəsi ünsürlərinin Livan ərazisindən tam çıxması ilə azad olunub və Suriyadan Livana daxil olublar.
Əsirlərin qarşılanması mərasimində Livanın təhlükəsizlik xidmətinin rəisi Abbas İbrahim, Hizbullahın Siyasi Şurasının sədri İbrahim Əmin əl-Seyyid və bir neçə deputat da iştirak edib.
Bu beş əsir əl-Qa qəsəbəsində vətəndaşlar tərəfindən yüksək səviyyədə qarşılandıqdan sonra öz şəhərlərinə yola düşüblər. Məlumatlara görə. həmin şəhərlərdə də vətəndaşlar onların pişvazına çıxmışdır.
Ötən gün azad olunan Hizbullahın beş əsiri təxminən iki il idi ki, Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının əsirliyində idi. Hizbullah əsirlərinin azad olunması qarşılığında Ən-Nüsrə Cəbhəsi ünsürləri Ərsal yüksəkliklərini tərk edib və Suriyanın İdlib vilayətinə nəql olunublar.
Suriyaya qayıtmağa maraqlı olan Ən-Nüsrə Cəbhəsi üzvləri, onların ailələri və başqa miqrantlara şamil olan 7700-dən çox nəfər ötən iki gün ərzində Ərsal yüksəkliklərini tərk ediblər.
Ötən həftə Müqavimət Qüvvələri Livan ordusunun əməkdaşlığı ilə üç ildir Ərsal yüksəkliklərini işğal altında saxlayan Ən-Nüsrə Cəbhəsi qruplaşmasına qarşı əməliyyata başladılar. Sonda Ən-Nüsrə Cəbhəsi ünsürləri nəzarət etdikləri bölgələrin 90%-dən çoxunu itirdikdən sonra bölgədən çıxmaq istiqamətində müzakirələrə hazır olduqlarını bildirdilər.
Analitiklərin fikrincə, Ərsal yüksəkliklərinin təmizlənməsi Livan və bölgədə terrorizmlə mübarizə istiqamətində önəmli addım nəzərə çarpır. Livanlılar Ərsal yüksəkliklərini azad etdikdən sonra Rəs Bəəlbəkk bölgələri və əl-Qa yüksəkliklərini İŞİD terror qruplaşmasından azad etmək niyyətindədirlər.