İraqın səfərbər xalq qüvvələri Təl Əfərin azad edilməsi əməliyyatında iştirak edəcək
İraqın səfərbər xalq qüvvələri Həşdüşşəbinin sözçüsü bu qüvvələrin ordu və polis qüvvələri ilə birlikdə Təl Əfər şəhərinin azad edilməsi əməliyyatında iştirak edəcəyini deyib.
İRİB-nin verdiyi məlumata görə, Əhməd Əl-Əsədi baş nazir Heydər Əl-İbadinin Təl Əfər şəhərinin azad edilməsində bütün qüvvələrin iştirak etməsi ilə bağlı tövsiyələrinə işarə edərək, deyib: Bu əməliyyatda səfərbər xalq qüvvələri, ordu qüvvələri, İraq polisi, mütəşəkkil cinayətkarlıq ilə mübarizə qüvvələri, anti-terrorizm qüvvələri və sürətli reaksiya qüvvələri birlikdə və ahəngdar qaydada iştirak edəcəklər.
Əhməd Əl-Əsədi Təl Əfərin azad edilməsi əməliyyatının başlanması əmrinin bütün hazırlıq işlərinin həyata keçirilməsindən sonra ali baş komandan tərəfindən veriləcəyini deyərək, əlavə edib: Bütün dəlil və sübutlara əsasən ilk olaraq Təl Əfərin geri alınması əməliyyatı, onun ardınca isə Huvəycə və Əl-Ənbar vilayətinin digər məntəqələrinin İŞİD terrorçularının işğalından azad edilməsi əməliyyatı həyata keçiriləcək.
Həşdüşşəbinin sözçüsünün dediyinə görə, İraq silahlı qüvvələrinin ali baş komandanı İraq silahlı qüvvələri və təhlükəsizlik təşkilatının bir parçası olan səfərbər xalq qüvvələrinin bu əməliyyatda iştirak səviyyəsini və əməliyyat bölgələrini şəxsən təyin edəcək.
Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD-in işğalından tam azad edilməsindən sonra, İraqın birləşmiş qüvvələri hazırda Təl-Əfər şəhərinin azad edilməsinə hazırlaşırlar.
İraqın baş naziri Heydər İbadi 26 iyul 2017-ci il tarixində iraqlı qüvvələrin Mosulu azad etdikləri kimi, Təl Əfər şəhərini də işğaldan azad edəcəkləri barədə söz verib.