İraq türkmənləri referendumun əleyhinədirlər
İraq türkmənləri cəbhəsinin sədri deyib: İraq türkmənləri İraq Kürdüstanının bu ölkədən ayrılması barədə referendumun keçirilməsinin əleyhinədirlər.
İRNA-nın verdiyi məlumata görə, Ərşəd Salehi bu mövqeyini öncə də bildirmişdi.
İraq Kürdüstanının bəzi partiyaları iyunun 7-də bu bölgənin başçısı Məsud Barizaninin iştirakı ilə keçirilən iclasda sentyabrın 25-də Kürdüstanın İraqdan ayrılması barədə referendumun keçirilməsi ilə razılaşdılar. Bu qərar İraq dövləti, iraqlı qruplar, region və dünya ölkələrinin qəti müxalifəti ilə qarşılaşıb.
İraqın baş naziri Heydər Əl-İbadi də son vaxtlar İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılması üzrə referendum qərarından təəssüfləndiyini bildirərək deyib: Qarşılıqlı əməkdaşlıq yolu ilə iraqlıların İŞİD-ə qarşı müharibədə böyük uğurlar qazandığı bir vaxtda referendum mövzusunun ortaya atılması təəssüfləndiricidir.
İraqın baş naziri həmçinin İraq Kürdüstanında referendumun və bu bölgənin müstəqilliyinin kürdlərin mənafeyini təmin etmədiyini bildirib və belə bir təqdirdə regionda tragediyanın baş verəcəyi barədə xəbərdarlıq edib.