Qətər BƏƏ-dən Təhlükəsizlik Şurasına şikayət etdi
Qətərin BMT-dəki daimi səfiri cümə axşamı günü gecə Qətərin hava məkanını pozduğuna görə Birləşmiş Ərəb Əmirliklərindən BMT Təhlükəsizlik Şurasına şikayət edib.
İRNA-nın məlumatına görə, Aliya Əhməd bin Seyf Ali-Sani Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi bir məktubda Birləşmiş Ərəb Əmirliklərinin bir döyüş təyyarəsinin 2017-ci il dekabrın 21-də 33 min fut yüksəklikdə Qətərin xüsusi iqtisadi zonasının üzərində bir dəqiqə müddətinə uçduğunu qeyd edib.
Məktubda qeyd olunubdur ki, Birləşmiş Ərəb Əmirliklərinin bu hərəkəti beynəlxalq qanunlar əsasında Qətərin suverenliyinin pozulması deməkdir.
Qətərin Birləşmiş Millətlər Təşkilatındakı daimi səfiri Birləşmiş Ərəb Əmirliklərinin bu hərəkətini "təhrikedici" və "düşməncəsinə" hərəkət adlandırıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn son aylarda müxtəlif yollarla Qətəri təzyiq altında qoymağa çalışıblar.