"Həşdüşşəbi" İŞİD ilə mübarizədəki rollarına görə İran və Livan Hizbullahına təşəkkür etdi
İraqın "Həşdüşşəbi" qüvvələrinin rəis müavini İŞİD ilə mübarizədəki roluna görə, İran İslam Respublikası və Livan Hizbullahına təşəkkür etdi.
İRNA-nın məlumatına görə, Əbu Mehdi Mühəndis bazar ertəsi günü İraqın İŞİD üzərində qələbə çalmasının birinci ildönümü münasibəti ilə bəyanat yayaraq, İraqın İŞİD üzərindəki qələbəsini xalqın iradəsinin terrorçular və onların bütün regional və beynəlxalq himayədarları üzərindəki qələbəsi adlandırıb.
Əbu Mehdi Mühəndis İran və Livan Hizbullahının İŞİD ilə mübarizədə İraq xalqına olan dəstəyini unudulmaz adlandırıb və deyib: İraqın ali dini mərcəyi Ayətullah Seyid Əli Sistani də 2014-cü ildə İŞİD-ə qarşı cihad fitvası verməklə İraq xalqının potensiallarının azad olmasın səbəb oldu.
Ayətullah Sistani İŞİD-in İraqa hücum etməsi və Mosulun terrorçuların əlinə keçməsinin ardınca 2014-cü ildə "cihad" fitvası verdi. Nəticədə 1 milyon iraqlı terrorçulara qarşı savaşa qoşularaq könüllü xalq qüvvələri olan "Həşdüşşəbi"nin formalaşmasına səbəb oldular.
İraqın baş naziri Adil Əbdülmehdi də İŞİD üzərində qələbənin birinci ildönümü münasibətilə verdiyi bəyanatda dedi: İraq xalqı ölkələrinin terrorçular üçün regionda bazaya çevrilməsinə icazə verməyəcək.
İraqın keçmiş baş naziri Heydər Əl-İbadi 10 dekabr 2017-ci ildə İŞİD-in İraqda məğlub olması xəbərini rəsmən elan etdi.