BMT TŞ-nin Colan barədə fövqəladə iclası; Tramp tək qaldı
-
BMT TŞ-nin Colan barədə fövqəladə iclası; Tramp tək qaldı
BMT-nin Təhlükəsizlik Şurası çərşənbə günü fövqəladə iclas təşkil edərək, ABŞ prezidenti Donald Trampın Suriyanın işğal edilmiş Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıması məsələsini araşdırıb.
İRİB-nin bildirdiyinə görə, Fransanın istəyi ilə keçirilən bu iclasda ABŞ və İsrail tam təcridə məruz qalıblar.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safrankov bu iclasda çıxış edərək, Trampın Colan yüksəklikləri barədəki qərarını beynəlxalq qanunlara və BMT TŞ-nin qətnamələrinə zidd adlandırdı.
Safrankov Colan yüksəkliklərinin Suriya ərazisi olduğuna təkid edərək, dedi: ABŞ-ın birtərəfli rəftarlarının sonu yoxdur.
Küveytin BMT-dəki nümayəndəsi Mənsur Əyad Əl-Ütəybə də bu iclasda Colanın Suriya ərazisi olduğunu bildirərək, dedi: İsrailin işğalçılığı region və dünya sülhü üçün təhdiddir.
Çin də bu iclasda BMT TŞ-nin qətnamələrinə istinad edərək, Colanın İsrail tərəfindən işğal edilmiş bir ərazi olduğunu bildirdi və dedi: Pekin Colanı Suriya ərazisi hesab edir və bu vəziyyətə hansısa dəyişikliyi rədd edir.
Britaniyanın BMT-dəki nümayəndəsi də bu iclasda Colanın İsrail tərəfindən işğal edilmiş Suriya ərazisi olduğuna təkid edərək, Londonun Colan barədəki mövqeyinin dəyişilməz olaraq qalacağını bildirdi.
BMT baş katibinin müavini Rozmari Di Karlo da Təhlükəsizlik Şurasının Colan məsələsinə dair iclasında Colanın statusuna dair qanuni bazanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olduğunu vurğuladı.
Fransa da bu iclasda Trampın Colanı İsrail ərazisi kimi tanımasını tənqid edərək, dedi: Bu addım regionda sülhün bərqərarı üzrə müştərək səylərə zərbədir.
Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar Cəfəri də Colan məsələsinə dair iclasda etdiyi çıxışında Suriyadakı savaşda başlıca məqsədin İsrailin ərəb torpaqlarındakı işğalçılığını rəsmiləşdirmək adlandırdı və dedi: Trampın işğal altında olan Colana dair son qərarı bu faktı təsdiq edir.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü beynəlxalq qanunlar və hüquq normalarına zidd olaraq hazırda İsrailin işğalı altında olan Suriyanın Colan yüksəkliklərini İsrail ərazisi kimi tanıyan bir fərman imzaladı.
Tramp bu fərmanı İsrailin baş naziri Benyamin Netanyahunun iştirak etdiyi mərasimdə imzaladı.
Trampın bu hərəkəti beynəlxalq qınağa və ciddi reaksiyalara tuş gəlib.
İsrail rejimi 1967-ci ildə Suriyanın Qüneytərə vilayətində yerləşən və təqribən 1200 kvadrat kilometr ərazisi olan Colan yüksəkliklərini işğal edərək, daha öncə işğal etdiyi ərazilərə birləşdirdi. Dünya ictimaiyyəti və beynəlxalq dairələr indiyə kimi bu birləşməni rəsmən tanımayıb.
BMT-nin Təhlükəsizlik Şurası da bu məntəqəni işğal altında olan Suriya ərazisi olaraq tanıyır. Amma, ABŞ hökuməti İsrailin işğalçılıq siyasətini rəsmən dəstəkləyir.