Qarabağda atəşi dayandırmaq barədə razılıq əldə olunub
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağda atəşkəsin bərqəraı barədə sənədi imzalayıblar.
SəhərAzəri xəbər verir, razılaşmada Qarabağda humanitar məqsədlərin təmin edilməsi, Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi nəzərdə tutulur.
Bunu oktyabrın 9-da başlamış və təxminən 10 saat davam etmiş məsləhətləşmələrdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Atəşkəsin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Lavrov həmçinin tərəflərin birgə bəyanatına əsasən, Bakı və Yerevanın "tezliklə sülh tənzimlənməsinə nail olmaq üçün baza prinsipləri əsasında substantiv danışıqlara başlamaq" barədə razılığa gəldiklərini də əlavə edib. Tərəflər Dağlıq Qarabağ üzrə danışıqlar formatının dəyişməyəcəyini təsdiqləyiblər.
Qeyd edək ki, Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla məsləhətləşmələr aparmaq üçün oktyabrın 9-da Moskvaya gedib.
Azərbaycan dövlətinin bildirdiyinə görə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. İntensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində bir neçə kənd işğaldan azad edilib.
Bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib. Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib.
Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini azad edib. Dünən isə Hadrut qəsəbəsi və daha 8 kənd işğaldan azad edilib.