Noy 26, 2020 11:43 Asia/Baku
  • Fransa Senatı “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul edib

Ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

SəhərAzəri xəbər verir, sənədin hüquqi qüvvəsi yoxdur və Senatın bütün qətnamələri kimi bu da tövsiyə xarakteri daşıyır. İndi söz Fransa hökumətindədir, hökumət sənədi diqqətə ala bilər, amma əməl etməyə məcbur deyil.

Qətnamə hökuməti Dağlıq Qarabağı tanımağa, Qarabağın dinc əhalisinə genişmiqyaslı dəstək verməyə çağırıb. Sənəddə həmçinin Dağlıq Qarabağın dinc əhalisinə qarşı hərbi cinayətlərin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasının zərurəti haqda da bəhs edilir.

Sənəd Fransa hökumətini 1994-cü ildə cızılmış sərhədlərin təmin edilməsi ilə danışıqlar prosesini bərpa etmək üçün bütün səyləri göstərməyə çağırıb. Qətnamədə erməni əhalinin təhlükəsizliyinin və məcburi köçkünlərin qayıtmaq haqlarının təmin edilməsi çağırışı da var.

Fransa parlamentariləri hesab edirlər ki, bu sənəd regionda möhkəm sülh yaratmağa kömək edəcək.

Qətnamə layihəsi Senata müxtəlif fraksiyalardan olan beş senator tərəfindən noyabrın 18-də təqdim olunub. 

Oktyabrda Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi Fransa parlamentinin aşağı palatasına da təqdim olunub. Layihə Dağlıq Qarabağ xalqını sentyabrın 27-də Azərbaycan tərəfindən başladılan hərbi təhlükədən müdafiə etmək üçün Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını təklif edir.

Rəsmi Bakı Fransa senatının qərarına reaksiya verib. Azərbaycan prezidentinin administrasiyasından bildirildiyinə görə, bu qərar adi kağız parçasından başqa bir şey deyil.

Teqlər