Fev 05, 2021 11:09 Asia/Baku
  • Rusiyanın Dağlıq Qarabağdakı separatçı rejimi tərksilah edəcəyi nə qədər inandırıcıdır?

Azərbaycanlı ekspert Qarabağda erməni separatçılarının tərksilah olunacağını real sayır.

SəhərAzəri xəbər verir, Dağlıq Qarabağdakı separatçı ordusunun buraxılmasına başlanacağına inandığını ifadə edən politolq Azər Qasımov Poliqon İnformasiya Agentliyi ilə müsahibədə deyib ki, 10 noyabr şərtlərindən ən vacibi olan Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin tərksilah edilməsi gözlənilən və arzu edilən hadisədir. İndi belə bir iddianın yayılması hələ ki, şayiədir. Amma görünən odur ki, bu proses başlayacaq. Erməni hərbçilərinin tərksilah olunması Rusiya sülhməramlı missiyasının vəzifəsidir.

Politoloqun sözlərinə görə, Rusiya bölgədə söz sahibi olduğunu sübut etmək üçün erməni silahlılarını tərksilah edəcək. Təbii ki, ermənilər bu qərara heç də asanlıqla gəlmirlər. Onlar üzərində istər Azərbaycan, istərsə də Rusiya tərəfindən təzyiq var.

O qeyd edib ki, Azərbaycan separatçı rejimin fəaliyyətini daim nəzarətdə saxlamalıdır. Separatizmin yuvası olan Dağlıq Qarabağın hərbi qüvvələrdən təmizlənmiş ərazi olması, regionun bütün ölkələrinin marağındadır və xeyrinədir. 

Məlumat üçün bildirək ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Təhlükəsizlik Şurasının iclasının keçirilməsi haqqında məlumat yayıb. 

İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib.

 İclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil.

Teqlər