Gürcüstanda qalmaqallı səsyazısı ilə bağlı istintaq başlanıldı
Gürcüstanda yayılan və qalmaqal yaradan gizli səsyazısı ilə bağlı istintaqa başlanılıb.
SəhərAzəri Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, cinayət işi şəxsi və ya telefon danışığının qanunsuz yazılması, istifadə olunması və yayılması faktı üzrə açılıb.
Baş Prokurorluqdan qeyd olunub ki, istintaq çərçivəsində səsyazısının əldə edilməsi və yayılmasının qanuniliyinin müəyyən edilməsi üzrə bütün istintaq və prosessual tədbirlər görüləcək.
Xatırladaq ki, Gürcüstanın “Pirveli” telekanalı martın 6-da hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb. Audioyazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində neqativ şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.