Mart 13, 2021 18:40 Asia/Baku
  • Putinin Əliyev və Paşinyanla söhbəti

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon söhbətinin təfərrüatı yayılıb.

SəhərAzəri xəbər verir ki, bu barədə Kremldən məlumat yayılıb.

Telefon söhbətində tərəflər Qarabağdakı vəziyyəti müzakirə edib. Azərbaycan və Ermənistan liderləri rus sülhməramlılarının bölgədəki fəaliyyətini dəyərləndirib.

Telefon söhbətində 9 noyabr 2020-ci il və 11 yanvardakı üçtərəfli bəyanatda yer alan razılaşmaların tətbiqinin praktiki cəhətləri nəzərdən keçirilib.

“Məmnuniyyətlə bildirildi ki, atəşkəs rejiminə ciddi şəkildə riayət olunur və bölgədəki vəziyyət ümumilikdə sabit olaraq qalır”, - Kremldən verilən məlumatda bildirilib.

Kremlin mətbuat xidməti qeyd edib ki, Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələlərinə də toxunulub:

“Bu kontekstdə üç ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyəti müsbət olaraq dəyərləndirilib”.

Həmçinin, Rusiya-Azərbaycan və Rusiya-Ermənistan əməkdaşlığının aktual məsələləri barədə də fikir mübadiləsi aparılıb.

 

Teqlər