May 28, 2021 13:13 Asia/Baku

Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir. Ermənistanın eks prezidenti belə bir açıqlama ilə çıxış edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında aşkar şəkildə antaqonizm mövcuddur. Və bu düşmənçiliyin qarşısı alınmasa, nə olacağını təsəvvür etməyə qorxur. Artıq hər iki tərəf ölüm-qalım məsələsini həll edir.

Onun fikrincə, siyasi mənada 27 siyasi qüvvənin parlament seçkilərində iştirak etməsi üçün qeydiyyata alınması normal deyil. Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə malik olmalı və ölkəni sarsıntılara gətirməməlidirlər.

Ter-Petrosyan qeyd edib ki, Ermənistan üçün parlament idarəetmə sistemi ölüm deməkdir. Və mütləq idarəetmənin Prezident formasına qayıtmaq lazımdır. O, parlament sisteminə keçidi üçüncü prezident Serj Sarqsyanın ən böyük səhvi adlandırıb.

 

 

Teqlər