İyun 23, 2021 06:55 Asia/Baku
  • Azərbaycanlı politoloqlar Rusiyanın seçkiləri uduzduğunu deyirlər

Ermənistandakı parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının qələbə çalması azərbaycanlı politoloqlarda belə qənaət yaradıb ki, Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti həm də Rusiyanın Cənubi Qafqazda məğlubiyyətidir.

SəhərAzəri-nin məlumatına əsasən, Ağ Partiyanın sədr müavini politoloq Əhəd Məmmədli öz feysbuk paylaşımında yazır: “Ermənistanda seçkilər bir daha Qafqazı Rusiyadan uzaqlaşdırdı. Qafqaz 1991-ci ildən bu yana yavaş-yavaş Rusiyadan alınır.”

Politoloq qeyd edir ki, Paşinyanın Ermənistandakı seçkilərdə əzici qalibiyyəti təkcə Rusiyanın deyil, həm də dünya erməni lobbisi ilə Qarabağ ermənilərinin də məğlubiyyəti idi.

Politoloq Elxan Şahinoğlu da Rusiyanın birmənalı Nikol Paşinyanın rəqibi Robert Koçaryanı dəstəklədiyini iddia edib. O, bnunla bağlı bəzi faktlar da ortaya qoyub. Bildirir ki, seçki kampaniyası başladıqdan sonra Koçaryan Moskvaya çağrıldı və Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə apardı. Sonra isə Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı.

Elxam Şahinoğlu qeyd edir ki, Rusiyadakı mərkəzlər Koçaryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Koçaryanın blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayınlanırdı. Lakin bunların heç biri alınmadı. Çünki ermənilər artıq müharibə istəmir və köhnə siyasətçini hakimiyyətə gətirmək istəmədilər.

Sözü gedən iki politoloqdan fərqli olaraq politoloq Zərdüşt Əlizadə Poliqon Portalı ilə müsahibədə Koçaryanın Kreml tərəfindən dəstəkləndiyini təsdiqləsə də, məsələyə bir qədər fərqli yanaşıb. O bildirir ki, Rusiyanın Ermənistan üzərində nəzarət mexanizmi çox güclü və səmərəlidir, hakimiyyətdə kimin olmasının onun üçün fərqi yoxdur. Ölkə ayaqlarından və əllərindən zəncirlənib.

 

Teqlər