ABŞ prezidentinin Qarabağ dərdi bitmir
Bayden münaqişənin həllini Ermənistanla ortaq dəyər adlandırdı
ABŞ prezidenti Ermənistanın baş nazirinə xitabən yazdığı tvittdə rəsmi Bakının əsəbini tarıma çəkən ifadələr işlədib.
SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden özünün tvitt hesabından verdiyi açıqlamada Nikol Paşinyanı yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib.
Paylaşımda deyilir: “Ermənistan xalqını və Baş nazir Nikol Paşinyanı uğurlu parlament seçkiləri münasibətilə təbrik edirəm. Ermənistanla ortaqlığımız, demokratik islahatlar və münaqişənin həlli ilə bağlı ortaq dəyərlərdən və əməkdaşlıqdan biridir - bu tərəfdaşlığın gücləndirilməsinə sadiqik”.
Qeyd edək ki, Birləşmiş Ştatların vaxtaşırı Qarabağ münaqişəsinin həllini tələb etməsi Azərbaycanda ciddi etirazla üzləşib.
Bir müddət əvvəl 28 may münasibətilə azərbaycanlı həmkarına göndərdiyi məktubda Amerika dövlət başçısı Co Bayden Qarabağ üçün uzunmüddətli siyasi həll yolunun tapılması ideyasını irəli sürmüşdü.
İlham Əliyev isə bu kimi tələblərə cavab olaraq, münaqişənin artıq həll olunduğunu və bölgədə ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini vurğulayır.