Paşinyan Moskvada
Paşinyanın birinci xarici səfərini Rusiyaya etməsinin mənası-TƏHLİL
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə etməlidirlər.
20 iyun seçkilərini udduqdan sonra Paşinyanın ilk xarici səfərini Rusiyaya etməsi heç şübhəsiz simvolik xarakter daşıyır. Belə ki, bu səfər Paşinyan haqda Sorosun uşağı və Qərbin adamı kimi işlənən ifadələrin üstündən qırmızı xətt çəkmiş olur. Xüsusilə də Azərbaycanda əksər politoloqlar parlament seçkilərində Nikol Paşinyanın qələbə çalmasını və Robert Koçaryanın “Ermənistan Bloku”nun məğlubiyyətini həm də Qərbin Rusiya üzərində qələbəsi kimi xarakterizə etmişdilər.
Məsələn Bakı Xəbər qəzetinin baş redaktoru Aydın Quliyev yazmışdı ki, revanşistlərdən və müharibə canilərinin 32 illik siyasətindən cana doymuş erməni cəmiyyəti bu seçkidə Paşinyanın şəxsində bütün Qərbin Rusiya üzərində qələbəsini də şərtləndirdi. Seçkidən öncə rusiyayönümlü maliyyə, siyasi, elektoral və kriminal resurslar Koçaryanın çevrəsində səfərbər edilsə də, Qərbin himayə etydiyi Paşinyan daha güclü çıxdı.
Və ya Ağ Partiyanın sədr müavini politoloq Əhəd Məmmədli öz feysbuk paylaşımında yazmışdı: “Ermənistanda seçkilər bir daha Qafqazı Rusiyadan uzaqlaşdırdı. Qafqaz 1991-ci ildən bu yana yavaş-yavaş Rusiyadan alınır.”
Onun fikrincə, Paşinyanın Ermənistandakı seçkilərdə əzici qalibiyyəti təkcə Rusiyanın deyil, həm də dünya erməni lobbisi ilə Qarabağ ermənilərinin də məğlubiyyətidir.
Politoloq Elxan Şahinoğlu isə Rusiyanın birmənalı Nikol Paşinyanın rəqibi Robert Koçaryanı dəstəklədiyini iddia edərək bununla bağlı bəzi faktlar da ortaya qoymuşdu. Demişdi ki, seçki kampaniyası başladıqdan sonra Koçaryan Moskvaya çağrıldı və Kreml sahibi Vladimir Putinlə bir saat müzakirə aparıldı. Sonra isə Koçaryan Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı.
Elxan Şahinoğlu qeyd etmişdi ki, Rusiyadakı mərkəzlər Koçaryana həm maliyyə, həm də informasiya dəstəyi verdilər. Hətta iş o yerə çatdı ki, Rusiyada hazırlanan sorğularda Koçaryanın blokunun Paşinyanın blokunu üstələdiyi barədə saxta sorğular yayınlandı. Lakin bunların heç biri alınmadı. Çünki ermənilər artıq müharibə istəmir və köhnə siyasətçini hakimiyyətə gətirmək istəmədilər.
Sözü gedən iki politoloqdan fərqli olaraq politoloq Zərdüşt Əlizadə Poliqon Portalı ilə müsahibədə Koçaryanın Kreml tərəfindən dəstəkləndiyini təsdiqləsə də, məsələyə bir qədər fərqli yanaşmışdı. O bildirmişdi ki, Rusiya və Ermənistan üzərində nəzarət mexanizmi çox güclü və səmərəlidir, hakimiyyətdə kimin olmasının onun üçün fərqi yoxdur. Ölkə ayaqlarından və əllərindən zəncirlənib.
Buna bənzər açıqlamanı seçkilərdən sonra Milli Məclisin deputatı Rasim Musabəyov da vermişdi. Politoloq Ermənistanda parlament seçkilərində qalib gələn Nikol Paşinyanın Rusiya və Qərb arasında manevr imkanlarını şərh edərkən demişdi ki, Paşinyaının siyasətinin mahiyyəti Rusiyanın dəstəyini itirmədən Qərblə əməkdaşlıq etməkdir. Özü bilir ki, Rusiyanın dəstəyi olmadan heç nəyə nail ola bilməz.
Tanınmış politoloqun bu rəyini Ermənistanda cərəyan edən siyasi olaylar barədə ən məntiqli münasibət saymaq lazımdır. Belə ki, Paşinyan Qərbə inteqrasiya yolunu tutarsa, hakimiyyətini risk altına atmış olacaqdır. Zira Rusiya istənilən anda Ermənistandakı resursları vasitəsilə onu devirməyi yaxşı bacarır. Bu səbəbdən də 20 iyun seçkilərinin nəticəsi açıqlanan kimi Kreml sahibi nəinki seçkilərin nəticəsini tanıdı, hətta Koçaryan-Sarkisyan cütlüyünün seçki saxtakarlığı barədə haray-həşirlər salmalarına da məhəl qoymadı.
Əslində belə də gözlənilirdi. Çünki Rusiya həm diplomatik kanallarla öz qırmızı xəttinin nə olduğunu Paşinyanın diqqətinə çatdırmışdı, həm də Moskvaya sadiq qaldığı təqdirdə onu himayə edəcəyinə eyham vurmuşdu. Eyni zamand nəzərə almaq lazımdır ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanın icrası Paşinyanla daha asan müyəssər olur və o, Rusiyanın tələbləri qarşısında ümumiyyətlə müqavimət göstərməməlidir. Bunun bariz nümunəsi iyulun 3-də Rusiyanın istəyi əsasında Füzuli və Zəngilan rayonları üzrə 92 min minanın ərazi xəritəsinin Azərbaycana verilməsidir.
Digər tərəfdən ruslar yaxşı anlayırdılar ki, revanşist qüvvələrin erməni cəmiyyətində sosial bazaları zəifdir və onları dəstəkləmək Moskvanın maraqlarına ziddir. Nisbətən geniş sosial bazaya malik olan və seçkilərdə 54 faiz səs qazanan Paşinyanı isə öz qanadları altında saxlamaq uduş-uduş prinsipinə tamamilə cavab verir. Bu isə o deməkdir ki, Paşinyan keçmişdə hər nə idisə, bu gün Rusiyameyilli kurs yürüdəcəkdir.
Qəhrəman Nurani