Ermənistan Təhlükəsizlik Şurasının katibinin Zəngəzur açıqlaması
“Biz yolu açmağa hazırıq, dəhliz yox”
Ermənistanın Təhlükəsizlik Şurasının katibi İranın Tasnim agentliyinə müsahibəsində Azərbaycan Respublikasına dəhliz verilməyəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan deyib ki, Ermənistan yol verməyə, Azərbaycan və Türkiyənin bu yollardan hərəkət üçün istifadə edə bilməsindən ötrü bütün mövcud yolları açmağa hazırdır. Lakin bütün bu yollar Ermənistanın suveren nəzarəti altında olacaq.
Erməni rəsminin sözlərinə görə, 9 noyabr və 11 yanvar tarixli bəyanatlarının məntiqi ilə Ermənistan Asiya ölkələri, eləcə də Rusiya ilə əlaqə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etmək imkanı əldə edəcək. Başqa sözlə, Ermənistanın Azərbaycanın avtomobil və dəmir yolu infrastrukturundan istifadə etmək imkanı olacaq. Öz növbəsində Azərbaycan da Naxçıvanla əlaqə saxlamaq üçün Ermənistanın yollarından istifadə etmək imkanı əldə edəcək.
Qriqoryan qeyd edib ki, infrastrukturun açılması Naxçıvana dəmir yolu vasitəsilə İrəvandan İrana və oradan Fars körfəzi - Çabahar limanına qədər getməyə imkan verəcək. İran həmçinin İrəvan, Tbilisi ilə əlaqə saxlamaq imkanı əldə edəcək, eləcə də Avropaya mal və xidmət ixrac edə biləcək.
Eyni zamanda o, Azərbaycandan Naxçıvana gedən yolun Laçın dəhlizi kimi eyni statusa malik olacağını istisna edib.