Noy 03, 2021 13:24 Asia/Baku
  • Əliyevlə Paşiniyanın görüşü müzakirə mövzusu deyil

Bu gün jurnalistlərə açıqlamasında Ermənistan hökumətinin aparat rəhbəri Araik Arutyunyan bildirib ki, Ermənistan və Azərbaycan liderləri – Nikol Paşinyan və İlham Əliyevin görüşünə dair məlumat yoxdur.

SəhərAzəri-nin Sputnik-ə istinadən verdiyi məlumata görə,  Arutyunyan bildirib: "Bu mövzu ilə bağlı XİN nümayəndəsi rəsmi şəkildə açıqlama verib. Heç nə əlavə edə bilmərəm".

Onun sözlərinə görə, müxtəlif formatlarda sərhədlər və infrastrukturun açılmasına dair məsələlər nəzərdən keçirilir, lakin ən yüksək səviyyədə görüşə dair müzakirələr hələ olmayıb.

Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan bəyan etmişdi ki, hazırda Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında hər hansı bir görüş planlaşdırılmır.

Xatırladaq ki, daha əvvəl Ermənistan KİV noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanacağını bildirmişdi.

Sənədlərin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacağı deyilirdi.

Birinci sənədin Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını , ikinci sənədin isə regionda kommunikasiya əlaqələrinin açılmasını əhatə etdiyi bildirilmişdi.

Teqlər