Saakaşvili hegemonçu dövləti müdaxiləyə çağırıb
Eks-prezident Mixail Saakaşvili ABŞ Prezidenti Co Baydenə məktubunda dolayısı ilə hegemonçu və müdaxiləçi dövlətdən onu hakimiyyətə gətirməsini istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, “Politoko” nəşrində yayımlanan Mixayil Saakaşvilinin ABŞ prezidenti Co Baydenə özünü alçaldıcı məktubunda öncə sanki kəndxudaya hesabat kimi deyilir: “Mən Gürcüstana bir neçə illik fasilədən sonra, bu payız gəldim. Bilirdim ki, türməyə düşəcəyəm. Ümid edirəm, buradakı həyəcanlı vəziyyətə diqqət ayıracaqsınız. Burda minlərlə gürcü ötən ay keçirilən seçkilərə etiraz olaraq küçələrə çıxıb”.
Artıq unutqanlıq xəstəliyindən əziyyət çəkən ABŞ prezidentinə 2009-cu il Tiflisə səfərini xatırlatmaqdan nəsə qazanacağını təsəvvür edən Saakaşvili Gürcüstandakı proseslər haqda ABŞ administrasiyasını müdaxilə etməyə çağırıb: “Baydenin demokratiyaya verdiyi dəyəri nəzərə alaraq, ümid edirəm ki, o, əldə etmək üçün çalışdığımız azadlıqları sarsıldığı üçün Gürcüstan hakimiyyətinə çağırış edəcək”,- deyə məktubda bildirilib.
Gürcüstan xalqının iradəsi və milli mənafeyini görməməzliyə vuraraq ölkəni tam ABŞ və Avropa İttifaqının nəzarətinə verəcəyi düşüncəsini yaradan Saakaşvili yazıb: Gürcüstanda hakimiyyəti NATO-ya inteqrasiyaya maneə yaradır və Rusiya maraqlarını icra edir.
Saakaşvili məktubunda ABŞ-ı gürcü hakimiyyətini açıq şəkildə qınamağa və Gürcüstan rəsmilərinə qarşı sanksiya tətbiq etməyə çağırıb.
Saakaşvilinin ABŞ prezidentinə Gürcüstanda demokratiyanın kobud şəkildə pozulması barədə məruzəsinə baxmayaraq Gürcüstanın ABŞ-ın Demokratiya Sammitinə dəvət edilməsi də eks prezidenti narahat edib. O kənd xuda mövqeyində müraciət etdiyi Co Baydendən dəvətini geri götürməsini istəyib.