Ermənistan Prezidenti istefa verib
Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, bu ölkə prezidenti Armen Sarkisyan istefa verib.
SəhərAzəri-nin məlumatına əsasən,Armen Sarkisyan istefa verməsinin səbəblərini açıqlayıb.
Prezident qeyd edib ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir.
O, fikrini belə izah edib ki, hazırda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və vasitələri yoxdur.
A.Sarkisyan əlavə edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb: “Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil”.
O, konstitusiya islahatlarının aparılmasını da təklif edib. Bildirib ki, bu halda qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sistemi yaradılacaq.
Sarkisyanın sözlərinə görə, hazırda Ermənistan prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişsiz hesab etdiyi qanunlara veto qoya bilməyəcəyi reallıqda yaşayır.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə bu gün Milli Məclisin iclasında bildirib ki, Armen Sarkisyan bir həftə ərzində öz istefasını geri götürmək imkanına malikdir.
“Əgər vəzifəli şəxs istefa ərizəsini geri götürməsə, o zaman Milli Məclisin reqlamentinə əsasən, onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib olunacaq və bu protokol parlamentin sədri tərəfindən imzalanaraq dərc ediləcək. Protokol dərc edildiyi andan istefa qəbul edilmiş hesab olunur”, - deyə parlamentin spikeri bildirib.
Qeyd edək ki, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri icra edəcək. Yeni prezidenti də qanunverici orqan seçəcək. Deputatların ümumi sayının azı dörddə biri prezidentliyə namizəd irəli sürmək hüququna malikdir.