İrəvan dilemma qarşısında;
Ermənistan Antalya Konfransında iştirakı haqda qərar verə bilmir
Ermənistan Türkiyədə keçiriləcək konfransda iştirak etməklə bağlı hələ qərar verməyib.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan parlamentində Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan jurnalistlərlə söhbətində deyib ki, hazırkı anda iştirakla bağlı yekun qərar yoxdur.
Bundan əvvəl mətbuatda Antalyada keçiriləcək konfransda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun erməni həmkarı Ararat Mirzoyan və Ermənistan dövlətinin Türkiyə ilə dialoq üzrə nümayəndəsi Ruben Rubinyanın diplomatik forumda iştirak edəcəyi barədə açıqlama yayılmışdı.
Xatırladaq ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan böyük ehtimalla Antalya Diplomatiya Forumunda (ADF) iştirak edəcəklərini və Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini bildirib.
Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin danışıqlarını davam etdirdiklərini deyən Paşinyan, “Türkiyə ilə ilkin şərt olmadan diplomatik əlaqələr qurmaq istəyirik. Proses belə davam edərsə, Ermənistanın Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmə ehtimalı yüksəkd.
“Facebook”da yayımlanan mətbuat konfransında Ermənistanın baş naziri Paşinyan ölkəsinin Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini vurğulayaraq, deyib: “Biz Türkiyə ilə diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyirik. Biz keçmişdə uğur qazanmamışıq və bu təcrübədən istifadə etməliyik”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daha əvvəl bəyan etmişdi ki, 11-13 mart tarixlərində keçiriləcək ADF-yə Ermənistandan da rəsmilər dəvət olunub.
Londonda nəşr olunan Arab Weekly həftəlik məcmuəsi bidirir ki, son həftələrdə Türkiyə və Ermənistanın ilk dəfə münasibətləri normallaşdırmağa çalışdığına dair açıqlamalar ən azı müəyyən barışıq ümidini yaradıb.
Məqalədə daha sonra deyilir: 2008-ci ildə İrəvan və Ankara Azərbaycanın Türkiyəyə təzyiqləri uğursuzluğa düçar olana qədər sərhədlərin açılması ilə bağlı bir sıra danışıqlara başladılar. Amma bu dəfə Türkiyə hətta Bakının qoyduğu məhdudiyyətlərə zidd olaraq Ermənistanla münasibətlərə girəcəyini açıq şəkildə bəyan edir.