ABŞ səfiri Qarabağın statusundan danışıb
“Problem ATƏT MQ mandatı çərçivəsində həll edilməlidir”
Amerikalı diplomat növbəti dəfə erməni separatçılarının müdafiəsinə qalxdı
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan baş nazirinin müavini Hambardzum Matosyan yanvarın 31-də ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Lin Treysinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir müavininin idarəsindən Ermənistanın İctimai Radiosuna bildirilib ki, Hambardzum Matevosyan bu görüşdə ABŞ-ın 1991-ci ildə müstəqillik əldə etdiyi vaxtdan Ermənistanın yaxın tərəfdaşı olduğunu vurğulayıb.
Baş nazir müavini həmçinin son 30 illər ərzində Ermənistana olan dəstəyi səmərəli adlandıraraq bunun demokratik cəmiyyətin möhkəmləndirilməsinə, xüsusilə korrupsiyaya qarşı mübarizəyə, habelə məhkəmə və polis islahatlarının həyata keçirilməsinə öz töhfəsini verdiyini qeyd edib.
O sonra Dağlıq Qarabağ münaqişəsinin yekun həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın rolunu və missiyasını yüksək qiymətləndirib.
Məlumatda deyilir ki, ABŞ səfiri Lin Treysi baş nazirin müavini ilə Dağlıq Qarabağın statusu məsələsinin həll olunmaması və bu prosesin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında həyata keçirilməli olması ilə razılaşıb.
Yeri gəlmişkən bildirək ki, amerikalı diplomat ötən ilin avqust ayı demişdi: Qarabağ münaqişəsi həll olunmayıb, çünki Dağlıq Qarabağın statusu hələ müəyyənləşdirilməyib. "Biz Minsk Qrupunun həmsədri kimi işləyəcəyik, bu mövqelərdən vəziyyətin gərginliyini azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, qalan məsələləri, müharibədən sonrakı vəziyyəti və digər məsələlərin yekun tənzimlənməsini nəzərdən keçirə bilək".
Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyini daha çox ona görə dəstəkləyir ki, Madrid sülh prinsiplərində ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddaratını həll etmək müddəası öz əksini tapıb.
Azərbaycan isə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazıdır və bu narazılığı həm 44 günlük müharibə zamanı, həm də müharibədən sonra bir neçə dəfə təkrarlayıb.
Prezident İlham Əliyevə görə, münaqişənin dinc yolla nizamlanmasında ATƏT-in Minsk qrupu heç bir rol oynaya bilməyib və Qarabağın statusu məsələsi mövcud deyil.