May 06, 2022 11:43 Asia/Baku
  • Ermənistanda cərəyan edən olayların pərdəarxası nədir?

Ermənistanda müxalifət canlanıb, aksiyaların ardı-arası kəsilmir, bəzi qüvvələr bu son hadisələrdə Rusiyanın əlinin olduğunu desələr də, Kremlin Ermənistanda vəziyyətin gərginləşməsində maraqlı olması real görünmür.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin sözçüsü Moskvanın Ermənistanda vəziyyətin tezliklə sabitləşməsində maraqlı olduğunu vurğulayıb.

Rusiyanın dövlət rəsmisi həmçinin Ermənistanda müxalifətin mitinqlərini tamamilə İrəvanın daxili işi adlandırıb: “Bu, tamamilə və bütünlüklə Ermənistanın daxili işidir. Ermənistan bildiyiniz kimi, bizim müttəfiqimizdir, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır. Ermənistan bizim dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın”, – deyə Kremlin sözçüsü qeyd edib.

Peskov əlavə edib ki, Ermənistanda sabitlik dövrü Rusiya Prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli bəyanatların icrasını mərhələli şəkildə həyata keçirməyə imkan verəcək.

Bununla belə fərqli mövqedən çıxış edən siyasi dairələrin qənaətincə son vaxtlar Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması istiqamətində irəliləyiş Kremli qane etmir və bu səbəbdən də İrəvanın Brüsselə üz tutmasınln qarşısını almaq üçün Kreml öz təzyiq vasitələrini işə salıb. Bir sözlə Ermənistanı Qərbdən qoparmaq siyasəti yürüdülür. Odur ki, bir çox ekspertlər fikirləşir ki, Rusiya daxildə xaos yaratmaqla Paşinyanı cəzalandırır və ya onu özünə tabe etmək istəyir.
İkinci bir tərəfdən, Rusiya oyun qaydalarının elə qurur ki, istənilən anda Paşinyanı KTMT-yə müraciət etmək məcburiyyətində qoysun. Əslində bu, istisna deyil. Yəni Etmənistanda kritik vəziyyət yaratmaqla Rusiyanın rəhbərlik etdiyi KTMT qüvvələri Ermənistana müdaxilə edə bilər.

Xatırlamaq yerinə düşər ki, bir neçə ay əvvəl Qazaxıstanda oxşar hadisələr olmuşdu: əvvəlcə aksiyalar başlamış, ardınca KTMT- nin sülhməramlı kontingenti Qazaxıstana girdi, ardınca isə Nursultan Nazarbayev hakimiyyətdən uzaqlaşdırıldı və Tokayev işləri Rusiyaya tapşırmalı oldu. 

İndi Ermənistanda müxalifət hər kəs tərəfindən istiqamətləndirilsə də, Rusiya orada hadisələri diqqət mərkəzində saxlayır. Kreml istər Paşinyan hökuməti olsun, istərsə də müxalifətin Qərbə yönəlməsinə imkan verməyəcəkdir. Moskva hesan edir ki, KTMT-yə ehtiyac olmadan belə, erməni siyasi qüvvələrinin bir-birinin vasitəsilə neytrallaşdırmaq mümkündür. 

Teqlər