İyul 28, 2022 10:13 Asia/Baku

Erməni politoloq Brüsselin Moskvanı Qarabağ məsələsində əvəz edə bilmək iqtidarında olmadığını bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan Armİnfo-ya müsahibəsində deyib ki, Ukraynada Qərb ilə Rusiya arasında davam edən münaqişə kontekstində Qarabağ probleminin həlli perspektivləri ilə bağlı hər hansı proqnoz vermək mümkün deyil.

"Bu gün Rusiya Federasiyası özü üçün riskləri minimuma endirmək siyasətini həyata keçirir və bütövlükdə Cənubi Qafqazda və Mərkəzi Asiyada status-kvonu qoruyub saxlamağa üstünlük verir”, - deyə o bildirib.

Aİ-nin Ermənistan-Azərbaycan problemlərinin həlli üçün alternativ platforma olmaq istəyini şərh edən politoloq Aİ-nin Qarabağ məsələsində Rusiya Federasiyasını əvəz etmək iqtidarında olmadığına əminliyini ifadə edib. “Sadəcə ona görə ki, Moskva bu məsələdə təkcə vasitəçi deyil, həm də oyunun iştirakçısıdır. Rusiya qoşunlarının Ermənistan və Qarabağda olması bariz şəkildə nümayiş etdirir.”

Erməbi politoloqun sözlərinə görə, Azərbaycanla ümumi sərhədi, Ermənistana təsir imkanlarının çoxluğunu nəzərə alsaq, bütövlükdə Moskvanın hər iki ölkəyə təsir etmək üçün Aİ-dən qat-qat böyük imkanları var. Üstəlik, Moskva qəfildən kimisə prosesdən sıxışdırmaq qərarına gəlsə, bu, bölgədə mürəkkəb vəziyyət yaradacaqdır.

Teqlər