Sen 27, 2022 11:30 Asia/Baku
  • Ter-Petrosyan: Rusiya Qarabağ məsələsinin həlli açarını itirib

Ermənistanın eks-prezidenti bəyan edib ki, Qarabağ nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə Moskva onu itirib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ermənistan İctimai Televiziyasının efirində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib. 

"Ukrayna hadisələri olmasaydı, Rusiya ilə hər şey daha konstruktiv olardı. Vaxtilə Qarabağ məsələsinin həllinin açarı Rusiyanın əlində idisə, indi Moskvanın vəziyyəti o qədər çətindir ki, bu açarı itirib", deyə eks-prezident qeyd edib. 

Onun sözlərinə görə, hazırda dünyada vəziyyət “Karaib böhranı”ndan da pisdir. 

Ermənistanın birinci prezidenti “Qarabağ münaqişəsi”nin həllində Rusiya, ABŞ və Avropa İttifaqının imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə Moskvanın potensialının zəiflədiyini vurğulayıb. 

Sabiq dövlət başçısının nöqteyi-nəzərindən ABŞ və Aİ-nin Ermənistan tərəfinin vəziyyətinin pisləşməməsi üçün şərait yaratmaq imkanı var. Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsində nə dərəcədə ciddi iştirak etməsindən asılıdır. 

Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın Qarabağ işlərində iştirakı yalnız humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır. 

Keçmiş prezident vurğulayıb ki, Ermənistan artıq “Qarabağ məsələsində ciddi rol oynamır, onun söz haqqı yoxdur.

Teqlər