Fransa və Ermənistan liderləri Parisdə görüşüblər
Makron Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxmasını tələb etdi
Fransa prezidenti Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxmasını tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, Emmanuel Makron Parisdə Nikol Paşinyan ilə görüş zamanı deyib: "Ermənistan yenidən 13 və 14 sentyabrda baş vermiş silahlı toqquşmalarından əziyyət çəkir və vəziyyət həqiqətən kritikdir. Çünki Ermənistan və Azərbaycan sərhəddində çoxlu itkilərə səbəb olan genişmiqyaslı hərbi əməliyyatlar aparılıb. Ermənistan ərazisi hədəfə alınıb, mülki infrastruktur dağıdılıb. Bu qəbuledilməz vəziyyət qarşısında Fransa öz öhdəliklərini üzərinə götürdü."
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransa 14 və 15 sentyabr tarixlərində Təhlükəsizlik Şurasının iclasını çağırıb və orada vəziyyət iki dəfə - 14 və 15 sentyabr tarixlərində müzakirə edilib. İşğal olunmuş mövqelərin olduğunu nəzərə alan Fransa Azərbaycan qüvvələrinin ilkin mövqelərinə qayıtmasını tələb edib.
Makron qeyd edib ki, sərhədin demarkasiya edilməməsi başqa ölkənin ərazisinə irəliləməyə haqq qazandıra bilməz. Fransa gücdən istifadənin nə Ermənistan, nə də Azərbaycan üçün həll yolu ola bilməyəcəyinə əmindir və dialoqu dərhal bərpa etmək lazımdır.
Fransa prezidenti Rusiyanın da bostanına daş atmağı unutmayıb. "Düz iki il əvvəl, 2020-ci il sentyabrın 27-də bölgə üçün ölümlə nəticələnən dəhşətli müharibənin başladığını unutmuram. Bu, regionda genişlənmiş Rusiya hərbi mövcudluğu ilə faktiki olaraq yeni vəziyyətə gətirib çıxardı. Mən son günlər baş verənləri qətiyyətlə pisləyirəm və sülhə və danışıqların bərpasına çağırıram. Mən regionun gələcəyi üçün yeni yanaşma təklif edən baş nazir Paşinyanın cəsarətini alqışlamaq istərdim", - deyə Makron əlavə edib.
Fransa prezidenti bu cümlələrlə çıxışına yekun vurub: "Prezident Əliyev deyir ki, o da bölgədə qeyri-sabitliyə son qoymaq və həll yollarını tapmaq istəyir. Amma güc təhdidi altında sülh qurmaq mümkün deyil."