Putin torpaq dəyişməsini dikte edir?
“Qarabağın gələcək sülh müqaviləsində nəzərə alınması mümkündür”
Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi lazımdır, amma biz İrəvanı məcbur və ya diktə edə bilmərik".
SəhərAzəri-nin TASS-a istinadən verdiyi məlumata görə Putin Fransa prezidenti Emanuel Makronun France-2 telekanalına verdiyi son müsahibəsində Rusiyanı anti-Ermənistan hərəkətlərdə ittihamlandırmasına cavab kimi nəzərə gələn bəyanatında Rusiyanın vaxtı ilə Ermənistana olan təklifindən danışıb. Təklif rəsmi İrəvanın Qarabağın taleyi ilə bağlı Azərbaycana təzyiq göstərmək üçün iki böyük rayonu işğal altında saxlanılmasından ibarət imiş.
“Uzun illər ərzində Ermənistan tərəfi ilə danışırdıq, dialoq aparırdıq və vəziyyəti nizama salmağı təklif edirdik. Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Deyirdik ki, gəlin, münasibətlərin normallaşmasına doğru gedək. İki Azərbaycan rayonu var ki, onlar böyük rayonlardır. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşacağıq, 5 rayonu verin. Onlar lazım deyil, mənasızdır və boşdur. Oradan adamlar gedib, onları saxlamağın mənası nədir? Qarabağla əlaqə üçün 2 rayon var, özü də onlar böyükdür. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunkü vəziyyətə gətirib çıxardı”, - Rusiya lideri bildirib.
Vladimir Putin indiki şəraitdə Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi barədə isə uduzmuş İrəvanı növbəti məğlubiyyətdən çəkindirmək anlamına gələn bir yol təklif edib:
“Nizamlanma, sülh müqaviləsi məsələsinə gəlincə, mövqeyimiz ondan ibarətdir ki, sülh müqaviləsi lazımdır və biz sülh yolu ilə nizamlanmanın tərəfdarıyıq. Eləcə də sərhədlərin delimitasiyası və sərhəd məsələləri. Hansı variantı seçmək isə artıq Ermənistanın, Ermənistan rəhbərliyinin və erməni xalqının işidir. Biz heç nəyə məcbur etmək fikrində deyilik. Biz Ermənistana heç nə diktə etməyəcəyik. Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır. Bu çox çətin, birbaşa desək ağır məsələdir”, - deyə Putin əlavə edib.