Okt 30, 2022 12:15 Asia/Baku
  • Paşinyan sülhməramlıların Qarabağda 15-20 il qalmasını istəyir

Ermənistanın baş naziri bəyan edib ki, Soçidə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalma müddətinin 15-20 il uzadılmasına dair sənədi imzalamağa hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən,oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.

Nikol Paşinyan deyib: “Biz Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmasını istəyirikmi? Əlbəttə ki, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Artsaxda mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram. Rusiya Prezidentinə təklif edirəm ki, belə bir təkliflə çıxış etsin, lazım gəlsə, mən də edəcəm, amma Rusiya prezidenti bunu dəstəkləməlidir, çünki Rusiya Federasiyasının sülhməramlılarının bir müddət orada qalacağına tək mən qərar verə bilmərəm. Əgər Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik”.

Qeyd edək ki, Qarabağdakı separatçı rejim də Rusiyanın Qarabağda müddətsiz qalmasını istəyir.

Separatçıların rəhbəri Arayik Arutyunyanın Facebook səhifəsində yazır ki, o ilk növbədə Rusiya sülhməramlı qüvvələrinin missiyasının müddətsiz uzadılmasını vacib sayır. O bunun həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, 2020-ci ilin noyabrından etibarən Rusiya sülhməramlıları onların təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. Onun fikirincə, ikinci əsas parametr isə statuslarının ən azı indiki vəziyyətdə saxlanmasıdır.

10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına əsasən, Rusiya sülhməramlı kontingentinin bölgədə qalma müddəti, tərəflərdən birinin ilkin 5 illik müddətin bitməsinə 6 ay qalmış edəcəyi müraciətdən asılıdır.

Soçidə Qarabağla bağlı hər hansı sənədin imzalanması ehtimalına gəlincə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin görüşünü gözləmək lazım olduğunu deyib.

 

Teqlər