Noy 11, 2022 16:52 Asia/Baku
  • “Danışıqların çətin olduğu və vaxt tələb edəcəyi aydındır”

Avropa İttifaqı Qarabağda 44 günlük müharibənin başa çatmasının ikinci ildönümü münasibəti ilə bəyanat yayıb. Sənəd Aİ-nin rəsmi saytında yayımlanıb.

Aİ-nın bəyanatında 44 günlük müharibənin nədən baş verdiyinə və nə ilə nəticələnməsinə toxunulmadan deyilir: “Bu çətin irsi tam dərk edərək, hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə, daha çox insan itkisi və zərərlərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırırıq”.

Aİ Azərbaycan və Ermənistan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmağın çətinliyinə toxunub və bunun vaxt tələb etdiyini xatırladıb:

“Aİ onların müxtəlif səviyyələrdə və müxtəlif formatlarda davam edən danışıqlarda dayanıqlı iştirakını yüksək qiymətləndirir. Bu danışıqların çətin olduğu və vaxt tələb edəcəyi aydın olsa da, nəbzi qorumaq, irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək və regionda bütün əhalinin rifahı üçün təhlükəsiz və firavan mühiti təmin etmək çox vacibdir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan başçılarının Brüssel və Praqada Aİ tərəfindən təşkil edilən görüşlərində heç bir müsbət nəticə ortaya çıxmamışdır. 44 günlük müharibədən iki il keçsə də bu iki ölkə arasında sülh sazişi imzalanmayıb. Bəzi ekspertlər müharibədən sonrakı görüş və müzakirələri Minsk qrupunun vasitəçiliyi ilə 30 illik nəticəsiz müzakirələrə bənzədir, Rusiya və qərbin yenə də tərəfləri süründürməklə məşğul olduqlarını deyirlər.

Teqlər