Azərbaycan Respublikası ilə Ermənistan arasında
“Sadəcə diplomatik münasibətlərin qurulması razılaşdırılıb”
“Sputnik Armenia” Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadla xəbər verir ki, “Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”.
SəhərAzəri-nin məlumatına əsasən, Armen Qriqoryan deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsinə ölkələr arasında mövcud olan bütün problemli məsələlər daxildir.
Armen Qriqoryan vurğulayıb ki, sülh müqaviləsi layihəsinin mətni üç dəfə redaktə olunub və hazırda Ermənistan tərəfi onun üzərində işləyir.
“Layihənin digər bəndləri üzrə dəqiq razılıq yoxdur”, - Qriqoryan əlavə edib.
Onun sözlərinə görə, söhbət Qarabağ, sərhədlərin delimitasiyası və demarkasiyası, bağlı yolların açılması, humanitar məsələlərdən gedir: “Ümumiyyətlə, bu məsələlərlə bağlı müzakirələr davam edir və bütün bu problemli məqamlar Ermənistan əhalisinə məlumdur”.