Dek 13, 2022 17:53 Asia/Baku
  • Əliyev hakimiyyətinin mücadiləsi nə ilə nəticələnə bilər - TƏHLİL

Ermənistan hökuməti Azərbaycan Respublikasına qarşı ittihamlarının davamı olaraq, bu günlərdə Dağlıq Qarabağda – onun ifadəsi ilə desək - erməni soyqırımı məsələsini gündəmə gətirib.

SəhərAzəri-nin məlumatına əsasən, bununla əlaqədar olaraq Ermənistan Milli Assambleyası beynəlxalq ictimaiyyətdən Azərbaycan Respublikasının hərbi qüvvələri tərəfindən Qarabağ bölgəsində törədilməkdə olan soyqırımını pisləməyi xahiş edib.

Ermənistan Milli Assambleyasının spikeri Rusiya, ABŞ, Fransa və dünyanın digər ölkələrindən bu barədə kömək istəyib.

Bu müraciət şübhəsiz ki, Laçın dəhlizinin tez-tez bağlanması və Şuşa-Laçın yolunda keçirilən aksiya ilə birbaşa əlaqədədir və rəsmi İrəvan Qarabağ ermənilərinin mühasirəyə alınaraq bölgədən qovulmalarından nigarandırlar. Hərçənd üçtərəfli razılaşmanın müddəalarına əsasən belə bir hadisənin reallaşması mümkün nəzərə gəlmir və Rusiya istənilən halda məsələyə müdaxilə edə bilər.

Ehtimallara görə, Qarabağda yaşanan olaylar daha çox Ermənistanla müzakirələrdə daha çox dividend qazanmağa köklənib və Əliyev hökuməti ümid edir ki, Laçın dəhlizinin əvəzinə Naxçıvanla quru əlaqələri yaratmaq üçün Ermənistandan oxşar statusa malik olan bir dəhliz alacaqdır. Lakin ermənilər bu məsələdə hansısa güzəştə və sövdələşməyə hazır deyillər. 

Bundan əlavə Ermənistan hökuməti Bakının istəklərini neytrallaşdırmaq üçün əks-hücuma keçərək soyqırım iddiasını ortaya atıb və bu yolla Əliyev hakimiyyətini durdurmağı hədəfləyib.

Yeri gəlmişkn bildirək ki, Ermənistan rəsmilərinin səyləri nəticəsində 2021-ci il dekabrın 7-də Birləşmiş Millətlər Təşkilatına bağlı olan Beynəlxalq Ədalət Məhkəməsi İlham Əliyev hökumətinin Qarabağdakı erməni mədəni irsinə hörmətlə yanaşmalı olduğuna dair qərar qəbul etdi. 

Hazırda isə Qarabağ ermənilərinin soyqırımı məsələsi İlham Əliyev hökumətini çıxılmaz vəziyyətə sala bilər. Çünki soyqırımı dünya praktikasında həssasiyyət doğuran məsələdir və ermənilər Azərbaycan qarşısında öz mövqelərini gücləndirmək üçün bu kartdan istifadə etməyi məqsədə uyğun sayırlar. Onlar bu istiqamətdə Qərb dövlətlərindən dəstək alacaqlarına əmindirlər. Xüsusilə də Əliyev hakimiyyətinin siyasi arenada mövqeyini dəstəkləyənlərin sayı getdikcə azalır. Bu isə o deməkdir ki, nə Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti təmin olunur, nə də Ermənistanı əsaslı kompromisə vadar etmək mümkündür.

 

Teqlər