Rusiya XİN Laçın dəhlizində baş verənlərlə bağlı xəbərdarlıq etdi
Zaxarova: Sülhməramlılara qarşı təxribat qəbuledilməzdir
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Dağlıq Qarabağda yerləşən rusiyalı sülhməramlılara qarşı istənilən açıq hücum və təxribatı qəbuledilməz adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib: “Azərbaycan və Ermənistan liderlərinin Soçi zirvə görüşündə qeyd edildiyi kimi, ərazidə təhlükəsizliyin təmin edilməsinə əsas töhfəni Rusiya sülhməramlıları verir”.
O qeyd edib ki, sülhməramlılara qarşı təxribat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ciddi ziyan vuran məqsədyönlü hərəkətlər kimi səciyyələndirilir.
“Biz Bakı və İrəvanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün müddəalarına ciddi əməl etməyə çağırırıq”, - deyə M.Zaxarova vurğulayıb.
Rusiyalı rəsmi Laçın yolundan yalnız bu sənəddə göstərilən məqsədlər üçün istifadə olunmasının vacibliyini qeyd edib və ümidvarlığını bildirib ki, tərəflər regionda filiz yataqlarının işlənməsinə dair razılığa gələcəklər.