Ermənistanın baş naziri Zəngəzur dəhlizi məsələsinə aydınlıq gətirdi
Paşinyan yolları açmağa hazır olduğunu deyir, amma dəhlizi yox
Ermənistanın baş naziri bildirib ki, Azərbaycan Respublikasına kommunikasiya dəhlizi verməyəcəkdir.
İrəvanda keçirdiyio mətbuat konfransında bu məqama toxunan Nikol Paşinyan deyib: “Ermənistan Yerasx-Naxçıvan-Mehri-Horadiz dəmir yolunun öz hissəsinin, habelə avtomobil əlaqəsinin bərpasına başlamağa hazırdır, lakin Azərbaycanın “hansısa dəhlizlər haqqında” tələbləri buna mane olur.
O həmçinin Türkiyənin Ermənistanla əlaqələri normallaşdırmaq barədə əvvəlki mövqeyindən geri çəkildiyini alqışlayıb. “Türkiyənin Ermənistana hava yolu ilə yük daşımalarına qoyulmuş qadağanı ləğv etmək qərarı İrəvan və Ankara arasında ikitərəfli danışıqlara təkan verir. Türkiyənin bu addımını alqışlamaq olar və Ermənistan-Türkiyə mnüasibətlərini normallaşdırmaq üçün konkret addımlara nail olmaq lazımdır.
Ermənistanın baş naziri daha sonra Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına inandığını söyləyib.
Paşinyan bu haqda deyib: “Maksimum hesablanmış addımlar atmaqla və regionda münasibətləri dəyişdirməklə sülh əldə edilə bilər. Türkiyə və Azərbaycanla müəyyən razılaşmalar arenası yaradaraq tolerant münasibətlər qura bilsək, sülh əldə edə bilərik”.
Baş nazir eyni zamanda vurğulayıb ki, sülh müqaviləsinin hazır mətni yoxdur, əks halda, hökumətlər bu barədə məlumatlandırılardı.
Hökumət başçısının sözlərinə görə, o, sülh müqaviləsinin bu gün hazır olmasını çox istərdi, amma sənəd yoxdur, bu da çox pisdir.
Ermənistanın baş naziri qeyd edib ki, Problem təkcə sülh müqaviləsinin imzalanmasında deyil, həm də onun həyata keçirilməsindədir.