Paşinyan Putindən Laçın dəhlizini açmağı xahiş edir
Cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Ermənistan baş nazirinin mətbuat xidmətinin verdiyi məlumatda belə deyilir: “Tərəflər “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar, ekoloji və enerji böhranına toxunublar”.
“Paşinyan Rusiya Federasiyasının bunun aradan qaldırılması üçün lazımi addımlar atmasının vacibliyini vurğulayıb. Baş nazir, eyni zamanda, Beynəlxalq Məhkəmənin Azərbaycanın Laçın dəhlizinin açması ilə bağlı qərarı faktını vurğulayıb”, - xəbərdə bildirilir.
Bundan başqa, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrası məsələləri müzakirə edilib.
Xəbərdə deyilir ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Laçın dəhlizindən qeyri-qanuni daşınmalara mane olmaq üçün azərbaycanlı eko-aktivistlərin Xankəndi-Laçın olunda aksiyasını təşkil edib. Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizində baş verənlərlə bağlı Rusiyaya qarşı tələb irəli sürə bilməyən rəsmi Bakı belə qənaətdədir ki, Ermənistan tərəfi 2020-ci il tarixli Üçtərəfli bəyanatında Azərbaycan Respublikasının Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi barədə müddəanı düzgün anlamayıb. Rəsmi Bakı bildirir ki, Azərbaycanın Laçın yolunda hərəkətin təhlükəsizliyinə zəmanət verməsi yoldan sui-istifadə hallarına imkan yaradılması kimi anlaşılmamalıdır.
Beynəlxalq Ədalət Məhkəmsi son günlər Ermənistanın müraciəti əsasında Laçın dəhlizinin bağlanması işi barədə qərar verib. Ermənistan tərəfi həmin qərarı Azərbaycan Respublikasına qarşı bir hüquqi sənəd kimi istifadə etməsinə baxmayaraq Azərbaycan XİN bu qərarın heç də Ermənistanın mövqeyini təsdiq etmədiyini bildirir.