Ermənistan hökuməti beynəlxalq müdaxiləni tələb etdi
Qriqoryan: Qarabağ və Laçın dəhlizində beynəlxalq iştirak təmin olunmalıdır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT-in Minsk qrupunun fransalı həmsədri, Cənubi Qafqaz üzrə xüsusi elçi Bris Rokefeuil ilə görüşüb.
Görüşdə Laçın dəhlizi ətrafındakı vəziyyət və bunun nəticəsində Qarabağda yaranmış humanitar durum müzakirə edilib. Onlar Laçın dəhlizinin açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarının icrasının zəruriliyini vurğulayıblar.
Qeyd olunur ki, martın 5-də Şuşa yaxlığında baş vermiş son gərginliyə işarə olunaraq, Dağlıq Qarabağda və Laçın dəhlizində beynəlxalq mövcudluğun zəruriliyinə təkid edilib.
Bu arada Azərbaycan Müdafiə Nazirliyi rusiyalı sülhməramlıları Qarabağda ermənilərin hərbi yüklərini müşayiət etməkdə günahlandırıb.
Nazirliyin yaydığı bəyanatda deyilir ki, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Məlumata görə, martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd olunan yoldan kolon şəklində hərəkəti Rusiya sülhməramlı kontingentinin müşayiəti altında təmin edilib.
Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.
Məlumatda deyilir ki, bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Müdafiə Nazirliyi hansı zəruri tədbirin görüləcəyinə işarə etməyib.