Erməni deputatdan Rusiyaya ağır cavab:
Sargis Xandanyan: “Ermənistan KTMT məsələsində futbol oynamır”
Biz futbol oynamırıq, Ermənistanın təhlükəsizliyindən danışırıq. Bu haqda jurnalistlərlə söhbətində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim fraksiyadan olan deputat Sarqis Xandanyan deyib.
SəhərAzəri-nin məlumatına görə, Xandanyan əlavə edib ki, hərtərəfli yanaşmalar lazımdır, topun bir-birinə ötürülməsi problemi yoxdur və təkrar edir ki, KTMT Ermənistana qarşı olan təcavüzlərə cavab verməlidir.
Deputat Ermənistanın təhlükəsizliyini prioritet məsələ adlandırıb və deyib: “Biz geosiyasi gərginlik şəraitində Ermənistanın toqquşmalar səhnəsinə çevrilməsində maraqlı deyilik”.
Xatırladaq ki, aprelin əvvəlində Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda KTMT müşahidəçilərinin yerləşdirilməsi imkanlarından danışarkən bildirmişdi ki, top İrəvanın tərəfindədir.
Erməni deputat qeyd edib ki, Azərbaycan tərəfindən hər zaman hərbi eskalasiya ehtimalı var və əmin edib ki, Ermənistan hakimiyyəti bu riskləri idarə etmək üçün hər şeyi edir, o cümlədən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.
Onun sözlərinə görə, Azərbaycan zaman keçdikcə destruktiv yanaşmasını aktivləşdirməklə gərginliyi qoruyub saxlamağa çalışır ki, bunu Laçın dəhlizindəki aksiyalar da göstərir.