Ermənistanın baş naziri Azərbaycan hakimiyyətindən şikayətləndi
Paşinyan: Əliyev Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazır deyil
Ermənistanın baş naziri bildirib ki, rəsmi Bakı 44 günlük müharibədən əvvəl dəfələrlə Dağlıq Qarabağa geniş muxtariyyət verməyə dair vədini yerinə yetirməyə hazır deyil.
SəhərAzəri-nin məlumatına görə, Çexiyada səfərdə olan Nikol Paşinyan erməni icmasının üzvləri ilə görüş zamanı deyib: “30 il fundamental problemi anlamadan öz müqəddəratını təyin etməkdən danışdıq, problemimizə tam diaqnoz qoymadıq, halbuki reallığı dərk etməliyik”.
Ermənistanın baş naziri Bakının Ermənistana “hələ də işğal altında olan səkkiz kəndi” qaytarması tələbinə cavab olaraq qeyd edib ki, erməni kəndləri də Azərbaycanın işğalı altındadır.
“Onların dəyişdirilməsi və ya qaytarılması məsələsi gündəmdədirmi” sualına Paşinyan belə cavab verib: “Əgər Azərbaycan onları qaytarmağa hazırdırsa, biz də hazırıq.”
Paşinyan sonra müxalifətin Qarabağla bağlı ittihamlarına cavab olaraq deyib: “Mən Qarabağı təhvil verməmişəm. 2018-ci ildən bəri əlimdən gələn hər şeyi etmişəm ki, müdafiə ordusu müharibəyə hazır olsun. 1994-cü ildə biz qalib gəldik, amma bundan sonra Ermənistanın və Qarabağın əhalisi azalmağa, Azərbaycanın əhalisi isə artmağa başladı. Deyirsiniz ki, Qarabağı mən təhvil vermişəm? Yoxsa 10 noyabr bəyannaməsini nəzərdə tutursunuz? Danışıqlar prosesi zamanı torpaqların güzəştə gedilməsi əsas məsələ idi. 10 noyabr bəyannaməsini ona görə imzaladım ki, əks təqdirdə 30 min əsgərimizin əsir alınacağını görürdüm. 30 il ərzində Qarabağda nə qədər adam yaşayıb? Bu torpaqlarda bizim əsgərlərimiz üçün hansı əlavə dəyərlər yaradılıb? Heç nə edilməyib. Qələbə ilə qazanılmış torpağı tərk edərək gəlib burada xoşbəxt həyat yaşayan sizlər o torpağı təhvil vermisiniz”, deyə Paşinyan Praqdakı erməni icmasının nümayəndələrinə öz fikrini izah edib.