Dünyanın ən böyük gölü təhlükədədir
Xəzər dənizinə görə fövqəladə vəziyyət elan edildi - AKTUAL
Xəzər dənizinin dayazlaşması ilə əlaqədar Qazaxıstanın Aktau şəhərində təbii fövqəladə vəziyyət elan edilib.
Aktau qubernatorluğunun açıqlamasında bildirilir ki, bu qərar mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün qəbul edilib. Çünki Xəzər dənizinin dayazlaşması ciddi hal almaqdadır.
Xəzər dənizinin dayazlaşması problemi artıq bir ildən çoxdur ki, alimləri narahat edir. Bununla əlaqədar Xəzəryanı dövlətlərin müvafiq idarələri səviyyəsində dialoq fəallaşıb. Hazırda Xəzər dənizinin səviyyəsi Baltik sistemi üzrə mənfi 28,6 metrdir. Mütəxəssislərin fikrincə, dəniz səviyyəsinin azalmasına iqlim dəyişikliyi və çay axınının azalması təsir göstərir. Məsələn Volqa və Ural çaylarında sululuq son dövrlər 30 faiz azalmışdır. Nəzərə almaq lazımdır ki, Xəzərə axıdılan suların 90 faizi bu çayların payına düşür.
Eyni zamanda illik yağıntının azalması da müşahidə olunur.
Alimlər xəbərdarlıq edirlər ki, Xəzər dənizində geri çəkilmə təkcə iqtisadi ziyanlar gətirmir, həm də ekosistemə ciddi təhdidlər yaradır.
Onların qənaətincə, Xəzərdə suyun səviyyəsinin aşağı düşməsinin bir sıra ciddi ziyanları var. Ən əsası ekosistem böyük ziyan görür. Bioloji resurslar azalır. Xüsusən də, dənizdəki canlılar ciddi itki ilə üz-üzə qalır.