Rusiya parlamenti xainləri müəyyənləşdirir
Volodin: Qiyam günü ölkəni tərk etməyə cəhd edən məmurların adları açıqlanacaq
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbərinə qiyam günü ölkəni tərk etmək istəyən məmurlarla bağlı tapşırıq verib...
Tapşırığa əsasən, iyunun 24-də Rusiyanı tərk etməyə cəhd edən dövlət qulluqçularının və dövlət korporasiyaları işçilərinin adları araşdırılıb açıqlanacaq.
Volodinin açıqlamasında deyilir: “Təhlükəsizlik komitəsinin sədrinə tapşırıq verilib ki, hüquq-mühafizə orqanları ilə birlikdə həmin vaxt mühüm vəzifə tutan, dövlət qulluğunda, dövlət strukturlarında, səhmdar cəmiyyətlərdə, şirkətlərdə çalışan şəxslərdən kimlərin qaçmağa cəhd etdiyi araşdırılsın və bu məlumatlar ictimaiyyətə açıqlansın”.
Onun sözlərinə görə, dövlət qulluqçularından hansısa biri belə bir addım atıbsa, bu, xoşagəlməz davranışdır. Belə halda dövlət qulluğu, vəzifə tutmaq doğru deyil və onlar cəzalandırıla bilərlər.
Volodin əlavə edib ki, onlar adi vətəndaşların vergiləri, büdcədən ayırmalar hesabına təmin olunur və dövlətə, insanlara xidmət etməlidirlər. Belə xoşagəlməz hərəkətlərinə görə utanmalıdırlar.