Paşinyan Fransanın müdafiəsinə qalxdı:
“Azərbaycan Fransaya qarşı genişmiqyaslı anti-təbliğat aparır”
Ermənistanın baş naziri Fransanın müdafiəsinə qalxaraq Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edib.
Nikol Paşinyan özünün “Twitter” mikrobloqunda yazıb: “Aylardır Azərbaycan Fransaya qarşı genişmiqyaslı əks-təbliğat aparır, çünki Fransa Azərbaycanın Dağlıq Qarabağın erməni əhalisinə qarşı qanunsuz hərəkətləri ilə bağlı birbaşa qiymət verir və narahatlığını açıq şəkildə səsləndirir”.
İyunun 30-da Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayonun diqqətinə çatdırılıb ki, “Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Fransa prezidenti Emmanuel Makrona istinadən yayılmış qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olur”.
Diplomata həmçinin bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirməsi, Fransa rəhbərinin erməni lobbisinin əlində bir alət olduğunun göstərir.
İyulun 5-də isə İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən nazirlər iclasında Fransa hakimiyyətini topa tutub.
“Fransa Avropadan kənarda idarə etdiyi ərazilərdə xalqların hüquqlarına hörmət etməlidir. Fransanın soyqırımla müşahidə edilən hakimiyyəti dönəmində 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri hərbi qənimət kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir”, - deyə İlham Əliyev vurğulayıb.