Avropa İttifaqı:
QXK-nin fəaliyyətini təmin etmək Azərbaycan hakimiyyətinin məsuliyyətidir
Avropa İttifaqı Cənubi Qafqazda Beynəlxalq Qırmızı Xaç Komitəsini mövcud yeganə böyük humanitar təşkilat adlandırıb və Azərbaycan Respublikası hakimiyyətini onun fəaliyyətini təmin etməkdə məsuliyyət daşıdığını vurğulayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsi neytrallıq, müstəqillik və qərəzsizlik kimi humanitar prinsiplərə uyğun olaraq, ehtiyacı olanlara mühüm humanitar yardım və müdafiəni təmin edir, - Avropa İttifaqının rəsmi nümayəndəsinin məlumatında deyilir.
Məlumatda əlavə olaraq deyilir: “Təşkilatın Laçın dəhlizi boyu fəaliyyəti Qarabağdakı erməni əhalinin əsas ehtiyaclarının təmin edilməsinə və çox ehtiyac olan humanitar yardıma yönəlib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini davam etdirməsini və potensial humanitar böhranın qarşısının alınmasını təmin etmək Azərbaycan hakimiyyətinin məsuliyyətidir.”
Avropa İttifaqının rəsmi nümayəndəsinin məlumatında həmçinin rəsmi Bakıdan Laçın dəhlizilə adamların və malların məhdudiyyətsiz hərəkətini təmin etməsi istənilir.
“Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionda həlledici rolunu qətiyyətlə dəstəkləyir, Laçın dəhlizilə adamların və malların məhdudiyyətsiz hərəkətini təmin etməklə bağlı çağırışını təkrarlayır”,- Avropa İttifaqı bildirib.
Qeyd edək ki, iyulun 11-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrindən qaçaqmalçılıq məqsədi ilə istifadə olunduğuna görə Laçın dəhlizinin müvəqqəti olaraq bağlandığını bildirib.
Aİ elə bir şəraitdə Azərbaycan tərəfinin iddiasını tamamiylə rədd etmiş olur ki, BQXK-nin Bakı Nümayəndəliyi Qarabağın ermənilər məskunlaşan hissəsinə BQXK-nin nəqliyyat vasitələri ilə qaçaqmalçılıq yolu ilə məhsul daşınmasını təsdiq edib.
BQXK-nin Bakı Nümayəndəliyinin Məlumatında deyilir:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın koridoru ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir. Bu barədə "BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.
Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib", deyə press-relizdə qeyd edilir.
Görünür Avropa İttifaqı nəinki Azərbaycan Respublikası dövlətinin hətta beynəlxalq qurumların bu ölkədəki ofislərinin bəyanatlarına belə inanmır.
Brüssel prossesi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqları aparan Aİ Qarabağ erməniləri ilə bağlı həmişə separatçılar və Ermənistan hökumətinin mövqeyini dəstəkləmişdir.