Arutunian daha sərt hərəkətlərə əl atacaqmış
Özünü "Dağlıq Qarabağın prezidenti" adlandıran separatçı Araik Arutyunyan dünən axşam telemüraciətlə çıxış edib.
Arutunyan, rəsmi Bakinin separatçılarla "real dialoq" aparmasını istəyib və qərb ölkələrini bu istəyi reallaşdırmağa çağırıb:
"Blokada boyunca ümid edirdik ki, beynəlxalq birliyin müxtəlif oyunçuları blokadanın aradan qaldırılması üçün addımlar atacaqlar, ancaq xoş sözlər eşitdik", - qanunsuz qruplaşmanın başçısı gileylənib.
Arutyunyan bildirib ki, "humanitar və təhlükəsizlik sahəsində fəlakəti yaxınlaşdıran mövcud ağır vəziyyəti nəzərə alaraq, "son tədbirə əl atıb", yəni Xankəndinin əsas meydanında başlayan "oturaq tətil"ə qoşulmağa qərar verib.
O deyib ki, Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycana təsir etməsini gözləyir.
"Əgər beynəlxalq müdaxilə ilə gələn həftə “Arsax” xalqının vəziyyəti az-çox sabit və normal vəziyyətə qayıtmasa, bundan sonra biz həm "Arsaxda", həm də onun hüdudlarından kənarda daha sərt hərəkətlərə əl atacağıq. Bu an taleyüklüdür", - Arutyunyan deyib.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında Aİ-nin tərəfindən Laçın dəhlizində sərbəst gediş-gəliş tələbini Azərbaycan Respublikası prezidentinin diqqətinə çatdırdığını demişdi: “Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım”,- Şarl Mişel bildirib.
Aİ Şurasının prezidenti həmin açıqlamada əlavə olaraq vurğulamışdı ki, yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var.
“Mən bu kontekstdə Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdim”,-deyə Aİ-nin nümayəndəsi rəsmi Bakını separatçılarla müzakirəyə çağırmışdı.
NATO –ilə müharibə vəziyyətində olmasına rəğmən Rusiya da bu sahədə qərb ilə eyni mövqeyə malikdir və Laçın dəhlizinin qeyd-şərtsiz olaraq tam maneəsiz fəaliyyətini tələb edir. Bu tələb dünən Rusiya Xarici işlər nazirinin müavininin Azərbaycanın Moskvadakı səfiri ilə görüşündə bird aha onun diqqətinə çatdırlıb.